Ezonn Xəbər

Mərkəzi Bankın səlahiyyətləri artırıldı

Mərkəzi Bankın səlahiyyətləri artırıldı
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Prezident İlham Əliyev, oktyabrın 30-da Milli Məclis tərəfindən qəbul edilmiş qanun layihəsini təsdiq edərək, Azərbaycan Mərkəzi Bankının (AMB) maliyyə institutlarına nəzarət səlahiyyətlərini artırdı. Bu dəyişikliklə AMB, maliyyə institutları ilə bağlı daha geniş və effektiv nəzarət imkanlarına sahib olacaq. Yeni qanun dəyişikliklərinə əsasən, AMB cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi məsələlərində maliyyə institutlarının risk profillərini dövri olaraq qiymətləndirəcək. Eyni zamanda, maliyyə institutları daxilində əhəmiyyətli dəyişikliklər baş verdikdə, məsələn, struktur dəyişiklikləri və ya əməliyyatların intensivliyinin artması halında, qiymətləndirmələr yenidən həyata keçiriləcək. Nəzarət tədbirlərinin dövriliyi və miqdarı isə maliyyə institutlarının risk profilləri, daxili qaydalar, nəzarət mexanizmləri və ölkə səviyyəsində mövcud olan risk faktörləri nəzərə alınaraq müəyyən ediləcək. Həmçinin, AMB; banklar, sığorta şirkətləri, investisiya şirkətləri və onların idarəçiləri kimi maliyyə qruplarına qarşı konsolidasiya olunmuş nəzarət həyata keçirəcək. AMB, maliyyə institutlarından məlumat tələb etmək hüququna da malik olacaq və tələb olunan sənəd və məlumatların təqdim edilməsi üçün müəyyən müddətlər qoyulacaq. Bu yolla, AMB-nin maliyyə institutları üzrə nəzarət səlahiyyətləri daha aydın və geniş şəkildə müəyyən ediləcək. Bu dəyişikliklərin məqsədi, maliyyə sisteminin təhlükəsizliyini artırmaq və müasir dövrdə tətbiq olunan standartlara uyğunluq təmin etməkdir.