Ezonn Xəbər

Azərbaycanda pensiyalara 8,67 milyard manat ayrılacaq – Orta aylıq pensiya 639 manata çatacaq

Azərbaycanda pensiyalara 8,67 milyard manat ayrılacaq – Orta aylıq pensiya 639 manata çatacaq
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Bu gün Milli Məclisin plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanunun layihəsi birinci oxunuşda qəbul edilib. Bu büdcə ilə pensiya ödənişləri üçün 8,67 milyard manat ayrılması planlaşdırılır. 2027-ci ildə orta aylıq pensiyanın 639 manata çatacağı gözlənilir. Fondun 2027-ci il büdcəsi gəlirləri 9 milyard 220,5 milyon manat, xərcləri isə 9 milyard 272,54 milyon manat olaraq proqnozlaşdırılır. Məlumatlara görə, gələn il əmək pensiyalarının ödənilməsi üçün 8 milyard 669,43 milyon manat, sosial sığorta haqları ilə verilən müavinətlər üçün isə 280,63 milyon manat ayrılması nəzərdə tutulub. Büdcənin balanslaşdırılması üçün dövlət büdcəsindən 1,6 milyard manat ayrılacaq. Həmçinin, xərcləri maliyyələşdirmək məqsədilə ilin əvvəlində yaradılmış ehtiyatdan 52,04 milyon manat istifadə olunması planlaşdırılır. Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 82,28 faizini məcburi dövlət sosial sığorta haqları təşkil edəcək. Bu mənbədən 7 milyard 586,5 milyon manat daxilolma gözlənilir, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 15,1 faiz artım deməkdir. Qeyri-büdcə sektorundan daxilolmaların 2026-cı ilin proqnozu ilə müqayisədə 14,22 faiz, büdcədən maliyyələşən təşkilatlardan isə 16,97 faiz artacağı gözlənilir. Fərdi sahibkarlıq fəaliyyəti göstərənlərin ödəyəcəyi məcburi sosial sığorta haqları üzrə daxilolmalar 130 milyon manat proqnozlaşdırılır.