İşsiz şəxslərin nəzərinə - 320 milyon manat ayrılacaq

Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir.
2027-ci il üçün İşsizlikdən Sığorta Fondunun xərcləri 319 milyon 200 min manat olaraq planlaşdırılır. Bu məlumat Milli Məclisin plenar iclasında müzakirəyə təqdim edilən “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Fondun gözlənilən gəlirləri isə 268 milyon 900 min manat təşkil edəcək. Bunun 267 milyon 200 min manatı işsizlikdən sığorta üzrə sığorta haqları hesabına formalaşacaq. Bu məbləğin, 29 milyon 800 min manatı büdcədən maliyyələşən təşkilatların, digər 207 milyon 600 min manatı isə qeyri-büdcə sektorunun payına düşəcək.
Maliyyə ayırmaları arasında, 2027-ci il üçün özünüməşğulluq tədbirlərinə 113 milyon manat ayrılması nəzərdə tutulur. Şərh edilən qanun layihəsinə əsasən, işsizliyə görə sığorta ödənişlərinə 36 milyon manat, peşə hazırlığı və əlavə təhsilin təşkilinə 27 milyon 300 min manat yönəldiləcək.
Eyni zamanda, ictimai işlərin təşkilinə 3 milyon 800 min manat, əmək yarmarkalarının və birjalarının təşkilinə isə 500 min manat ayrılması planlaşdırılır. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün əlavə iş yerlərinin yaradılmasına 1 milyon manat, məqsədli proqramların həyata keçirilməsinə isə 2 milyon manat ayrılması nəzərdə tutulub. Qanun layihəsi artıq birinci oxunuşda qəbul edilib və yanvarın 1-dən qüvvəyə minəcək.