Ezonn Xəbər

“Uber”in 150 min sürücüsünün məlumatları oğurlanıb

“Uber”in 150 min sürücüsünün məlumatları oğurlanıb
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. “Uber” şirkətinin əməkdaşlıq etdiyi “Fireworks AI” texnologiya platformasına qarşı həyata keçirilən kiberhücumdan sonra 150 minə yaxın istifadəçinin fərdi məlumatları oğurlanıb. Bu hadisə, Oreqon ştatının Baş Prokurorluğuna təqdim edilən rəsmi sənədlərə əsasən, 149 min 346 nəfəri təsir edir. Hakerlərin ələ keçirdiyi məlumat bazasında sürücülərin adları, yaşayış ünvanları, doğum tarixləri və sürücülük vəsiqələrinin seriya nömrələri yer alır. “Uber” rəhbərliyi oktyabrın 9-da tərəfdaş şirkət tərəfindən kiberhücum barədə məlumatlandırıldığını və zərərçəkmiş şəxslərə artıq rəsmi xəbərdarlıqların göndərilməyə başlandığını açıqlayıb. “Fireworks AI” sistemlərinə icazəsiz daxil olan kiberdələduzlar müştərilərə məxsus informasiyaları kopyalamağı bacarıblar. Eyni zamanda, “Notion” və “Cursor” platformalarının da eyni hücumdan zərər gördüyü və hər iki şirkətin məlumat sızmasını rəsmi şəkildə təsdiqlədiyi bildirilib. “Uber”in açıqlamasında qeyd olunub ki, cinayətkarlar “Fireworks AI”nın mövcud giriş məlumatlarından istifadə edərək mühafizə mexanizmini vaxtında aşdıra biliblər. Qeyd edilir ki, “Fireworks AI” rəhbərliyi hücumun arxasında maliyyə qazancı güdən kiberqruplaşmanın dayandığını düşünür. Ehtimal olunur ki, hakerlər, böyük dil modellərinə (LLM) çıxış verən oğurlanmış rəqəmsal açarları qara bazarda satışa çıxarmağı məqsəd qoyublar. Hal-hazırda heç bir qrup bu kiberhücumun məsuliyyətini öz üzərinə almamışdır. Xatırladaq ki, cari ildə “Uber”in qarşılaşdığı ikinci iri məlumat sızmasıdır. Şirkət avqust ayında yükdaşıma bölməsi olan “Uber Freight” xidmətinin də haker hücumuna məruz qaldığını qeyd etmişdi.