Uşağa qulluğa görə müavinət almaq hüququ yeni qaydada müəyyənləşəcək

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Bu gün Milli Məclisdə "Sosial sığorta haqqında" qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarıldı. Yeni təklifə əsasən, uşağa qulluğa görə müavinət almaq üçün 6 ay sosial sığorta stajı tələb olunacaq. Bu dəyişiklik, hazırda müavinət almaq üçün staj tələbinin olmamasının yaratdığı sui-istifadə hallarının qarşısını almaq məqsədi güdür.
Müavinət almaq üçün staj tələbinin olmaması səbəbindən insanların qısa müddətdə işə qəbul edilərək daha sonra uşağa qulluğa görə sosial məzuniyyətə çıxmağı asanlaşdırıb. Bu hal, dövlət vəsaiti hesabına müavinət almaq istəyənlər arasında sistemdən sui-istifadə risklərini artırır. Yeni tənzimləmə ilə bu cür halların qarşısını almaq üçün sığorta stajının tələb olunması təklif edilir.
Hazırda uşağa qulluğa görə müavinət məbləği 44 manatdır və bu məbləğ 2018-ci ildən bəri artırılmamışdır. Bir yaş yarımdan üç yaşınadək uşaqlara verilən müavinətin məbləği isə 28 manatdır. Bu göstəricilər, ölkədəki makroiqtisadi şərtlərlə, minimum əməkhaqqı və orta aylıq əməkhaqqısı ilə müqayisədə aşağı səviyyədə qalmaqdadır.
Eyni zamanda, müavinətin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi, sosial sığorta sistemində vahid yanaşmanın formalaşdırılması, sui-istifadə hallarının qarşısını almaq və müavinət məbləğinin artırılması üçün 6 ay sosial sığorta stajı tələbinin müəyyən edilməsi önəmli hesab olunur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.