Məzuniyyətə çıxmaq məcburi olacaq

Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir.
Milli Məclisin bugünkü plenar iclasında əmək məzuniyyətinin başqa vaxta keçirilməsi qaydalarına dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub. Bu dəyişikliklər işçilərin məzuniyyət hüquqlarının tənzimlənməsi məqsədini güdür.
Yeni qanun layihəsinə görə, əmək məzuniyyəti işçinin sağlamlıq problemləri, əmək və sosial məzuniyyətlərin üst-üstə düşməsi, ezamiyyətə göndərilməsi və tərəflərin razılığı ilə başqa vaxta keçirilə biləcək. Bu, işçilərin əmək qabiliyyətini müvəqqəti itirdikləri vaxtlarda da tətbiq edilə bilər.
Dəyişikliklərin bir hissəsi istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi qaydasını da əhatə edir. İşçilərin yazılı və ya elektron ərizəsi əsasında, istifadə edilməmiş məzuniyyət hissələrinə görə kompensasiya ödənilməsi nəzərdə tutulur. Lakin məcəllədə müəyyən edilən minimum müddətli əmək məzuniyyətinin kompensasiya ilə əvəz olunması mümkün olmayacaq, yalnız qanunla nəzərdə tutulan istisna hallar tətbiq ediləcək.
Layihədə həmçinin əməkhaqqının ödənilməsi müddətləri, vaxtı və əməkhaqqından tutulmaların elektron informasiya sistemi vasitəsilə həyata keçirilməsi ilə bağlı müddəalara da dəyişikliklər təklif olunur. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.