Gəncə Dövlət Universitetində “Mənəvi dəyərlər” günü keçirilib

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
Gəncə şəhərində həyata keçirilən "Mənəvi dəyərlər" həftəsi çərçivəsində noyabrın 17-də Gəncə Dövlət Universitetində "Mənəvi dəyərlər" günü baş tutub. Tədbirdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində yerləşən abidəsini ziyarət edərək oraya gül dəstələri düzüblər.
Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, dövlət bayrağına həsr olunmuş videoçarx nümayiş edilib. Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov açılışda iştirak edərək Azərbaycanın zəngin tarixi-mədəni irsindən və tolerant mühitdən danışıb. O, vurğulayıb ki, müxtəlif dinlərin, mədəniyyətlərin sərbəst yaşaması üçün ölkəmizdə əlverişli şərait yaradılmışdır.
Yusif Yusibov, dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün ibadətgahların dövlət tərəfindən qorunduğunu qeyd edib. O, Bakıda yerləşən erməni kilsəsinin mühafizəsini və burada 5 mindən çox kitabın saxlanılmasını ölkədəki tolerantlığın bariz nümunəsi kimi dəyərləndirib. Rektor, 44 günlük Vətən müharibəsi dövründə xalqın nümayiş etdirdiyi həmrəyliyin önəmindən də bəhs edib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov isə tarixi irsin qorunmasının dövlət siyasətinin prioritetlərindən biri olduğunu bildirib. O, gənclərin milli kimliyinə bələd olmalarının vacibliyini vurğulayaraq "Mənəvi dəyərlər" gününü tələbələrin maarifləndirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov da çıxışında Azərbaycan Bayrağının üç rənginin xalqın milli kimliyini və mənəvi dünyasını əks etdirdiyini vurğulayıb. O, bu günün gənclərdə vətəndaş məsuliyyətinin artırılması, zəngin irsin gələcək nəsillərə ötürülməsi məqsədini güddüyünü bildirib.