Bu il Azərbaycanda 310 mindən çox daşınmaz əmlak çıxarışla təmin olunub

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
2023-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda daşınmaz əmlak üzərində 310 mindən çox mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 3,4% artım deməkdir.
Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, qeydiyyat prosesinin tərkibində 58 mindən çox (18,7%) mülkiyyət hüququ ilkin, 252 mindən çox (81,3%) isə təkrar qeydiyyatın payına düşür. 2023-cü ilin eyni dövründə ayrı-ayrı əməliyyatların artımı müqayisə edildikdə, ilkin dövlət qeydiyyatı üzrə 0,7%, alqı-satqı üzrə 10,1%, vərəsəlik üzrə 4,3%, bağışlama üzrə isə 15% artım müşahidə olunub.
Bununla yanaşı, əvvəllər yaranmış hüquqlar üzrə qeydiyyatların sayında 25% azalma qeydə alınıb. Bu, əsasən 2021-ci il 7 oktyabr tarixli Prezident Fərmanının icrasının yekunlaşması ilə əlaqəlidir. Ötən ilə nəzərən mənzillər üzrə mülkiyyət hüququnun dövlət qeydiyyatı 1,7%, fərdi yaşayış və bağ evləri üzrə 14,7%, qeyri-yaşayış sahələri üzrə 11,6%, qeyri-yaşayış binaları üzrə 10,3% artım, çoxmərtəbəli yaşayış binaları üzrə 21,4%, əmlak kompleksi kimi müəssisələr üzrə 9,7% azalma qeydə alınıb.
Hesabat dövründə qeydiyyata alınmış mülkiyyət hüquqlarının 90.905-i (29,3%) Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşüb. Eyni zamanda, 2023-cü ildə 56.878 ipoteka və 6.577 yüklülük (icarə və istifadə) üzrə dövlət qeydiyyatı aparılıb ki, bu da müvafiq olaraq 9,9% və 12,6% artım deməkdir. Həmin dövrdə daşınmaz əmlak obyektləri üzrə 219.018 texniki pasport tərtib edilib.