MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA), “Azərpoçt” MMC-nin adından istifadə edərək həyata keçirilən yeni fişinq kampaniyası ilə bağlı vətəndaşları xəbərdar edir. Xəbərə görə, kiberdələduzlar xarici nömrələrdən göndərdikləri saxta SMS-lərdə "Təcili Çatdırılma Problemi Bildirişi" adı altında istifadəçiləri aldatmağa çalışırlar.
Mesajlarda, çatdırılma üçün tələb olunan poçt indeksinin qeyd edilməməsi iddia edilərək, "dəyerli əşya" kimi təqdim olunan bağlamaların çatdırılmasının mümkün olmadığı bildirilir. İstifadəçilərdən ünvan məlumatlarının müəyyən edilmiş tarixə qədər yenilənməsi tələb olunur. Bu cür mesajlarda əlavə ödənişlərin olacağı da bildirilərək, bağlamanın göndəriləcəyi qeyd edilir.
Fişinq mesajlarında “ASAN Pay” xidmətinə bənzəyən saxta keçidlər yer alır. İstifadəçilərə bu keçidə daxil olaraq şəxsi məlumatlarını təqdim etmələri istənilir. Həmçinin, mesaja "1" cavabını göndərmələri də tələb olunaraq, bu, istifadəçinin aktiv nömrəsini müəyyənləşdirmək üçün aldatma üsuludur.
Saxta saytlara daxil olduqda, istifadəçilərdən ad, soyad, telefon nömrəsi və bank kartı məlumata daxil etmələri soruşulur. Bu yolla vətəndaşların bank hesablarındakı vəsaitlərin mənimsənilməsi riski yaranır.
MKA, vətəndaşlara “Azərpoçt” və digər rəsmi qurumların adından gələn mesajların mənbəyini yoxlamağı, naməlum nömrələrdən gələn mesajlara diqqətlə yanaşmağı, şübhəli keçidlərə daxil olmamağı və şəxsi məlumatların təhlükəsizliyini qorumaq üçün ehtiyatlı olmağı tövsiyə edir.