Ezonn Xəbər

“Deutsche Bank”ın 15 milyon məxfi sənədi sızdırılıb – FT

“Deutsche Bank”ın 15 milyon məxfi sənədi sızdırılıb – FT
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Almaniyanın ən iri bankı “Deutsche Bank”ın 15 milyon məxfi sənədinin sızdırılması maliyyə əməliyyatlarında ciddi qanun pozuntusu ehtimallarını ortaya çıxarıb. Bu barədə “Financial Times”, “Le Monde” və digər beynəlxalq nəşrlərin iştirak etdiyi "Inside Deutsche Bank" araşdırmasında məlumat verilir. Araşdırmanın təqdim etdiyi sənədləri 230-dan çox jurnalist tədqiq edib. Sızdırılan materiallar arasında bankın Rusiya oliqarxları, ABŞ Prezidenti Donald Tramp və maliyyəçi Ceffri Epşteynlə əlaqələri ilə bağlı yeni faktlar yer alır. Xüsusilə, “Deutsche Bank”ın 2013–2019-cu illər ərzində Epşteynlə əlaqədar 582 milyon dollarlıq şübhəli ödənişləri emal etdiyi bildirilir. Eyni zamanda, bankın Rusiya ilə biznes əlaqələrini genişləndirmək planları da tədqiqatda yer alır. Araşdırma zamanı baş direktor Kristian Sevinqin rəhbərliyi altında Kremlin yaxın çevrəsindən olan müştərilər barədə daxili xəbərdarlıqlara lazımi diqqət yetirilmədiyi iddia edilir. Bu, bankın reputasiyasını əhəmiyyətli dərəcədə zədələyə bilər. Araşdırma həmçinin 2017-ci ildən etibarən Donald Trampın vergi sənədlərinin səhvən üçüncü tərəfə göndərildiyini və bu barədə Ağ Evi məlumatlandırılmadığını irəli sürür. Sızan məlumatların ardınca “Deutsche Bank”ın səhmləri noyabrın 17-də 5%-dən çox ucuzlaşıb. Bank, sızdırılan hadisələrin bir çoxunun əvvəlki illərə aid olduğunu bildirərək, 2019-2025-ci illərdə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsinə 7 milyard avro investisiya yatıracağını vurğulayıb. Eyni zamanda, Epşteynlə keçmiş əlaqələrinin səhv adlandırıldığını, lakin risklərin idarə olunmasının gücləndirildiyini qeyd edib.