Ezonn Xəbər

Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qonaq, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin və Federal Kansler Fridrix Mertsin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev, salamlara görə minnətdarlığını bildirdi və öz salamlarını Almaniya Prezidentinə və Federal Kanslerinə çatdırmağı xahiş etdi. Görüş zamanı bu ilin iyulunda dövlət başçısının Almaniyaya səfəri və həmin səfərdə həyata keçirilən müzakirələr barədə müsbət xatirələr bölüşüldü. Bu səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin önəmi vurğulandı. Həmçinin, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına dair Birgə Bəyannamənin ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynadığı qeyd edildi. Görüşdə ölkələr arasında münasibətlərin uğurlu inkişafı, xüsusən də enerji, iqtisadiyyat, sərmayə, biznes, nəqliyyat və turizm sahələrində əməkdaşlıq məsələləri nəzərdən keçirildi. Eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr, bu ildən başlayaraq Azərbaycanın qazının Almaniyaya ixracı da müzakirə edildi. Bununla yanaşı, Orta Dəhlizin mühim rolu, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri söhbətə daxil edildi.