Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Gürcüstanın Baş naziri İraqli Kobaxidzenin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib. Görüşdə ölkələrarası münasibətlərin müxtəlif sahələrdə inkişafı mövzusunda müzakirələr aparılıb.
Söhbət zamanı bu ilin aprel ayında Azərbaycanın Prezidentinin Gürcüstana etdiyi səfər, eləcə də Mariam Kvrivişvilinin ötən ilki ziyarəti məmnunluqla xatırlandı. Hər iki səfərin iki ölkə arasında ikitərəfli əlaqələrin inkişafında müsbət təsiri olduğu qeyd olundu.
Qonaq Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin salamlarını Prezident İlham Əliyevə çatdırdı. Dövlətimizin başçısı bu salamlar üçün təşəkkürünü bildirdi və öz salamlarını da Baş nazirə çatdırmağı xahiş etdi.
Görüşdə Azərbaycanla Gürcüstan arasında dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan münasibətlərin inkişafından məmnunluq ifadə edildi. Eyni zamanda, iki ölkənin birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələrinin region üçün əhəmiyyətli olduğu vurğulandı.
Söhbət zamanı, həmçinin ticarət dövriyyəsinin artırılması, enerji, sərmayələr və əlaqələrin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.