Uşağa qulluğa görə müavinət hüququ yeni qaydalarla tənzimlənəcək

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Milli Məclis bu gün keçirilən iclasında "Sosial sığorta haqqında" qanuna müzakirəyə təqdim edilən dəyişiklikləri qəbul edib. Yeni qaydalara əsasən, uşağa qulluğa görə müavinət almaq hüququnun əldə edilməsi üçün ən azı 6 ay sosial sığorta stajı tələb olunacaq.
Mövcud qaydalarda uşağa qulluğa görə müavinət almaq üçün sosial sığorta stajı şərti olmayıb. Bu, müəyyən hallarda, işə qəbul olunmuş şəxslərin qısa müddətdə işə götürülməsi və daha sonra uşağa qulluğa görə sosial məzuniyyət hüququndan istifadə etməsinə yol açır. Bu isə, dövlət vəsaiti hesabına verilən müavinəti əldə etmək məqsədilə sui-istifadə hallarını artırır.
Təklif olunan dəyişikliklərin məqsədi, sosial sığorta sistemində vahid yanaşmanın təmin edilməsi və analoji sosial sığorta ödənişləri ilə uyğunluğun artırılmasıdır. Bununla yanaşı, uşağa qulluğa görə müavinətin məbləği 2018-ci ildən bu yana dəyişməyərək, uşağın bir yaş yarımınadək dövr üçün 44 manat, bir yaş yarımından üç yaşınadək dövr üçün isə 28 manat olaraq qalıb. Bu məbləğlərin aşağı səviyyədə olması da əlavə tədbirlərin həyata keçirilməsini zəruri edir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Artıq yeni qaydaların tətbiqi ilə uşağa qulluğa görə müavinət alma prosesi daha standartlaşmış olacaq.