Ezonn Xəbər

“Nvidia” Çinlə işləyən müştərilərinə çip satışını məhdudlaşdırır

“Nvidia” Çinlə işləyən müştərilərinə çip satışını məhdudlaşdırır
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. ABŞ-nin çip istehsalçısı “Nvidia” ($NVDA) artıq Çin şirkətlərinə süni intellekt hesablama gücü verən müştərilərinə çip satışını məhdudlaşdırmağa başlayıb. Şirkət, ABŞ-də müzakirə olunan yeni qanun layihəsinin həm özünə, həm də müştərilərinə hüquqi risklər yarada biləcəyinə dair xəbərdarlıq edib. Bu barədə noyabrın 17-də CNBC məlumat yayıb. Nəşrin məlumatına görə, “Nvidia”, qrafik prosessorlarının (GPU) 50%-dən çoxunu Çin şirkətlərinə icarəyə verən müştərilərə çip satmayacağını bildirib. Bu qərar, şirkətin öz tətbiq etdiyi məhdudiyyət kimi təqdim olunur. Məhdudiyyətlərin səbəbi ABŞ Konqresində müzakirə edilən “Remote Access Security Act” (RASA) qanun layihəsidir. Bu qanun layihəsi ABŞ Ticarət Nazirliyinə, Çin şirkətlərinin xarici ölkələrdəki məlumat mərkəzləri vasitəsilə qabaqcıl Amerika çiplərini istifadə etmə imkanını məhdudlaşdırmaq səlahiyyəti verə bilər. Hal-hazırda tətbiq olunan ixrac məhdudiyyətləri, qabaqcıl süni intellekt çiplərinin birbaşa Çinə göndərilməsini məhdudlaşdıra bilsə də, Çin şirkətləri xarid etdikləri prosessorların hesablama gücünü xaricdə yerləşən bulud platformaları vasitəsilə icarəyə götürə bilirlər. Lakin “CNBC”nin məlumatlı mənbələrindən alınan bilgilərə görə, “Nvidia” müştərilərinə xəbərdarlıq edərək yeni qanunun qəbulunun hüquqi məsuliyyət yarada biləcəyini bildirib. RASA qanun layihəsi yanvar ayında ABŞ Konqresinin Nümayəndələr Palatasında qəbul edilib, lakin Senat tərəfindən hələ təsdiqlənməyib. ABŞ, bu addımlarla Çinin qabaqcıl Amerika süni intellekt texnologiyalarına dolayı çıxışını məhdudlaşdırmağa çalışır.