Ezonn Xəbər

Prezident Almaniyanın xarici işlər nazirini qəbul etdi

Prezident Almaniyanın xarici işlər nazirini qəbul etdi
Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, noyabrın 17-də Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadefulunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə, Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayerin və Federal Kansler Fridrix Mertsin salamları çatdırılıb. Nazirin salamlarını qəbul edən Prezident İlham Əliyev, öz növbəsində, Almaniyanın rəhbərliyinə minnətdarlığını bildirib. Söhbət zamanı bu ilin iyul ayında Prezident Əliyevin Almaniyaya rəsmi səfərindən, həmin səfər çərçivəsində keçirilmiş görüşlərdən və müzakirələrdən məmnunluqla bəhs olunub. Görüşdə, iki ölkə arasında imzalanmış “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” və Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına dair bəyannamənin ikitərəfli əməkdaşlığa təsiri haqqında danışılıb. İkitərəfli münasibətlərin uğurlu inkişafı vurğulanıb. Siyasi, iqtisadi, sərmayə, biznes, enerji, nəqliyyat və turizm sahələrində əməkdaşlıq mövzuları da müzakirə edilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr, o cümlədən, bu ildən başlayaraq Almaniyaya ixrac edilən Azərbaycan qazı qeyd edilib. Eyni zamanda, Azərbaycanın Orta Dəhlizdəki rolu, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.