Samir Şərifov: Azərbaycan və Aİ arasında son vaxtlar müsbət dinamika müşahidə olunur
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir.
Avropa İttifaqının təşəbbüsü ilə Brüssel şəhərində Regionlararası təhlükəsizlik və bağlantılar mövzusunda ikinci nazirlər toplantısı keçirilib. Toplantıda Azərbaycanı xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
İştirakçılar arasında Aİ təsisatlarının yüksək vəzifəli rəsmiləri, o cümlədən Azərbaycan, Türkiyə, Ukrayna, Moldova, Ermənistan və Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirləri yer alıb. Toplantının birinci sessiyasında Qara dəniz hövzəsində təhlükəsizlik və sabitliyin gücləndirilməsi, ikinci sessiyasında isə Regionlararası Bağlantılar Gündəliyinin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb.
Samir Şərifov çıxışında Azərbaycan və Avropa İttifaqı arasında son dövrlərdə yaranan müsbət dinamika barədə ətraflı məlumat verib. O, Azərbaycanın enerji, nəqliyyat və rəqəmsal bağlantılar sahəsindəki rolu və həyata keçirdiyi infrastruktur layihələrinin Orta Dəhlizin formalaşmasına olan təsirini vurğulayıb. Nazir müavini həmçinin regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın davam etdiriləcəyini qeyd edib.
Şərifov, Azərbaycanın sülh və normallaşma prosesinin regionda sülh və əməkdaşlıq imkanlarını artırdığını, geniş Qara dəniz regionunda isə sülhü gücləndirdiyini bildirmişdir. Bu proseslərin, regionlar arasında əlaqələr və layihələrin icrasına müsbət təsir edəcəyi vurğulanıb.