Bakıda 47 şadlıq sarayında yoxlama keçirilib, 41-də nöqsanlar aşkarlandı

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
Cari ilin yanvar–noyabr ayları ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 47 şadlıq sarayında yoxlama aparılıb. İdarənin məlumatına görə, yoxlama nəticəsində 41 şadlıq sarayında qida təhlükəsizliyi sahəsində pozuntular aşkar edilib.
Aşkar edilən nöqsanlar arasında sanitar-texniki və sanitar-gigiyenik qaydalara riayət edilməməsi, baytarlıq sənədləri olmayan məhsulların istehlakçılara təqdim edilməsi də yer alır. Toy mərasimlərində verilən ət məhsulları ilə müşayiət olunan sənədlərin düzgün olmaması da diqqət çəkib.
Eyni zamanda, “Manisa”, “Meridian Luks”, “Mirana”, “Vegas City Hall” və “Sarı Gəlin” şadlıq saraylarında istehlakçılara camış əti təqdim edilməsi, lakin menyuda buna dair qeydlərin olmaması qeyd olunub. Həmçinin, Çıraq Palace, Meridian Luks, Mirana və İnci şadlıq saraylarında süni kürü təqdim edilməsi də problem yaradıb.
Agentlik tərəfindən uyğunluq pozuntuları ilə bağlı inzibati protokollar tərtib edilib. İstifadə olunan ət və digər qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Nəzarət tədbirləri davam etdirilir.