Bakıda 41 şadlıq sarayında nöqsan aşkarlanıb – Tanınmış məkanlar da siyahıdadır

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Bu ilin yanvar–noyabr ayları ərzində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Bakı şəhərində fəaliyyət göstərən 47 şadlıq sarayında nəzarət tədbirləri həyata keçirmişdir. Yoxlamalar nəticəsində 6 şadlıq sarayında normativ tələblərə uyğunluq qənaətbəxş sayılıb, lakin 41 şadlıq sarayında qida təhlükəsizliyi sahəsində müxtəlif pozuntular aşkarlanmışdır.
Aydın olub ki, bir sıra obyektlərdə sanitar-texniki və sanitar-gigiyenik qaydalara riayət olunmadığı, eyni zamanda, müvafiq baytarlıq sənədləri olmayan ət məhsullarının istehlaka təqdim edilməsi qeydə alınıb. Araşdırmalar zamanı toy mərasimlərində verilən ət məhsulları ilə yoxlamaya təqdim olunan sənədlər arasında uyğunsuzluqlar aşkarlanmışdır.
Xüsusilə “Manisa”, “Meridian Luks”, “Mirana”, “Vegas City Hall” və “Sarı Gəlin” şadlıq saraylarında istehlakçılara camış əti təqdim edilməsinə baxmayaraq, menyularda buna dair qeydlərin aparılmadığı müəyyən olunub. Eyni zamanda, 4 şadlıq sarayında (Çıraq Palace, Meridian Luks, Mirana və İnci) istehlakçılara süni kürü təqdim edilməsi ilə bağlı da menyuda qeydlərin olmadıqları aşkar edilmişdir.
Yoxlamalar nəticəsində aşkar edilən bu uyğunsuzluqlarla bağlı inzibati protokollar tərtib olunmuş, ət və digər qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərilmişdir. Qida təhlükəsizliyi sahəsindəki nəzarət tədbirləri davam etdirilir.