Bakıda 41 şadlıq sarayında nöqsanlar aşkarlanıb – Tanınmış məkanlar da siyahıda var

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhərində fəaliyyət göstərən şadlıq saraylarını yoxlayıblar. Yoxlamalar nəticəsində 47 şadlıq sarayında aparılan nəzarət tədbirlərinin sonunda, 41-də qida təhlükəsizliyi sahəsində qanunvericiliyin pozulması halları aşkarlanıb.
Bildirilib ki, yoxlamalar zamanı sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmadığı, eləcə də müvafiq baytarlıq sənədləri olmayan ət və ət məhsullarının istehlaka təqdim edildiyi aşkar edilib. Bununla yanaşı, toy mərasimlərində təqdim edilən ət məhsulları ilə yoxlamaya təqdim olunan sənədlərin uyğunluğunda da uyğunsuzluqlar meydana çıxıb.
Xüsusilə, “Manisa”, “Meridian Luks”, “Mirana”, “Vegas City Hall” və “Sarı Gəlin” şadlıq saraylarında istehlakçılara camış əti təqdim edildiyi, lakin menyuda bununla bağlı qeydlərin aparılmadığı müşahidə olunub. Bundan əlavə, 4 şadlıq sarayında (Çıraq Palace, Meridian Luks, Mirana və İnci şadlıq sarayları) istehlakçılara süni kürü təqdim edildiyi halda, menyuda bu barədə qeyd olunmadığı da aşkarlanmışdır.
Aşkarlanan nöqsanlarla bağlı inzibati protokollar tərtib edilib, ət və digər qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qida təhlükəsizliyi ilə bağlı nəzarət tədbirləri davam etdirilir.