47 şadlıq sarayında 41-də nöqsanlar aşkarlandı

Ezonn TV «Xəzər Xəbər» mənbəsinə istinadən xəbər verir.
Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhərində fəaliyyət göstərən 47 şadlıq sarayında intensiv yoxlamalar həyata keçirib. Yoxlamalar nəticəsində yalnız 6 şadlıq sarayında vəziyyət qənaətbəxş hesab edilib, 41 şadlıq sarayında isə qida təhlükəsizliyi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması aşkar edilib.
Məlumata görə, şadlıq saraylarında sanitar-texniki və sanitar-gigiyenik qaydalara riayət edilmədiyi, eyni zamanda müvafiq baytarlıq sənədləri olmayan ət və ət məhsullarının istehlaka təqdim edildiyi qeyd olunub. Müşayiətedici sənədlərlə təqdim olunan ət məhsulları arasında uyğunsuzluqların mövcud olduğu da diqqətə çatdırılıb.
Xüsusilə, "Manisa", "Meridian Luks", "Mirana", "Vegas City Hall" və "Sarı Gəlin" şadlıq saraylarında istehlakçılara camış əti təqdim edildiyi halda, menyuda bu barədə heç bir qeyd edilməməsi qeydə alınıb. Həmçinin, "Çıraq Palace", "Meridian Luks", "Mirana" və "İnci" şadlıq saraylarında süni kürü təqdim olunub, lakin bu ilə bağlı da menyuda müvafiq qeydlərin aparılmadığı bildirilib.
Aşkarlanan uyğunsuzluqlarla bağlı inzibati protokolların tərtib olunduğu, ət və digər qida məhsullarından nümunələrin götürülərək laborator müayinəyə verildiyi də vurğulanıb. Nəzarət tədbirlərinin davam edəcəyi qeyd edilir.