Ezonn Xəbər

Saatlıq əməkhaqqı gəlir: Kimlər daha yüksək maaş alacaq?

Saatlıq əməkhaqqı gəlir: Kimlər daha yüksək maaş alacaq?
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir. Azərbaycanda saatlıq minimum əməkhaqqı sisteminin tətbiqi planlaşdırılır. Bu yeni mexanizm, qısa müddətli işlərlə məşğul olan şəxslərin əmək münasibətlərinin rəsmiləşdirilməsi və işlədikləri saatlara uyğun ödəniş almasına imkan tanıyacaq. Həmçinin, eyni zamanda bir neçə iş yerində fəaliyyət göstərmələri üçün şərait yaradılacaq. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, saatlıq minimum əməkhaqqının məbləği aylıq minimum əməkhaqqının iş saatlarına bölünməsi ilə müəyyən olunacaq. Bu sistem, xüsusilə turizm və ictimai iaşə sahələrində çalışanlar üçün vacibdir. Məsələn, bələdçilər kimi qısamüddətli xidmətlərə ehtiyac olan işçilərin əmək münasibətlərinin daha çevik şəkildə tənzimlənməsi mümkün olacaq. Yeni qaydalar sayəsində işəgötürənlər saatlıq əmək müqaviləsi bağlaya biləcəklər. Bu, vətəndaşların yalnız işlədikləri saatlarla deyil, eyni zamanda hüquqi cəhətdən də müdafiə olunmalarına imkan verəcək. V.Bayramov əlavə edib ki, bu mexanizm sosial təminat və pensiya hüquqları baxımından da əhəmiyyətlidir. Yeni sistemin tətbiqi, vətəndaşların bir neçə iş yerində çalışmasına da yol açacaq. Hibrid iş rejimində çalışanlar, müəyyən günlərdə və saatlarda müxtəlif işəgötürənlərlə əməkdaşlıq edə biləcəklər. İlkin mərhələdə bir neçə sektor, gələcəkdə isə bütün sahələr üçün bu sistemin tətbiqi planlaşdırılır. Hazırda ölkədə məşğul əhalinin 35 faizi əmək müqaviləsi ilə çalışır. Saatlıq əməkhaqqı mexanizminin tətbiqi, qeyri-rəsmi məşğulluğun azalmasına və əmək müqavilələrinin sayının artmasına müsbət təsir göstərə bilər.