Azərbaycanın kənd təsərrüfatı dair hazırladığı memorandum layihəsi ABŞ tərəfinə təqdim olunub

Ezonn TV «Report» mənbəsinə istinadən xəbər verir.
ABŞ-yə səfəri çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ Kənd Təsərrüfatı Nazirinin birinci müavini Stephen Vaden ilə görüşüb. Görüşdə iki ölkə arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının ticarətinin artırılması və elmi-tədqiqat sahələrində birgə işlərin perspektivləri müzakirə edilib.
Nazir Məcnun Məmmədov, Azərbaycanın kənd təsərrüfatı sahəsində elmi potensialının inkişafı üçün həyata keçirilən tədbirlər, tədqiqat institutlarının müasirləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşması barədə məlumat verib. O, ABŞ Kənd Təsərrüfatı Departamentinin elmi-tədqiqat layihələrinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Məcnun Məmmədov işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının müasir model üzrə inkişaf perspektivlərindən də bəhs edib. O, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edildiyini qeyd edərək, ABŞ-ın elmi-tədqiqat təcrübəsinin bu bölgələrdə aqrar istehsal modelinin qurulmasına töhfə verə biləcəyini bildirib.
Stephen Vaden, iki ölkənin kənd təsərrüfatı nazirlikləri arasında qarşılıqlı anlaşma memorandumunun imzalanması istiqamətində işlərin davam etdirildiyini təsdiqləyib. Eyni zamanda, Azərbaycan tərəfinin hazırladığı memorandum layihəsi ABŞ-a təqdim edilib və arada müzakirələr aparılır. Vaden, memorandum çərçivəsində biotexnologiyalar və heyvandarlıq sahələrində əməkdaşlığın genişləndirilməsinə maraq olduğunu vurğulayıb.