Ezonn Xəbər

Kənd təsərrüfatına dair Azərbaycanın hazırladığı memorandum layihəsi ABŞ-yə təqdim olundu

Kənd təsərrüfatına dair Azərbaycanın hazırladığı memorandum layihəsi ABŞ-yə təqdim olundu
Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir. ABŞ-yə səfəri çərçivəsində Azərbaycanın Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti, ABŞ Kənd Təsərrüfatı Nazirinin birinci müavini Stephen Vaden ilə görüşüb. Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, o cümlədən ticarət dövriyyəsinin artırılması müzakirə olunub. Məcnun Məmmədov, Azərbaycanın aqrar sahədə elmi potensialını inkişaf etdirmək və tədqiqat institutlarını müasirləşdirmək məqsədilə həyata keçirilən layihələrdən söz açıb. O, ABŞ Kənd Təsərrüfatı Departamentinin (USDA) Kənd Təsərrüfatı Tədqiqatları Xidməti (ARS) və Milli Ərzaq və Kənd Təsərrüfatı İnstitutu (NIFA) ilə birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsinin zəruriliyini vurğulayıb. Nazir, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının müasir texnologiyalara uyğun inkişafı barədə də danışıb. O, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edildiyini qeyd edərək, burada ABŞ-ın elmi-tədqiqat təcrübəsinin əhəmiyyətini bildirib. Stephen Vaden, iki ölkənin kənd təsərrüfatı nazirlikləri arasında qarşılıqlı anlaşma memorandumunun imzalanması istiqamətində işlərin davam etdiyini vurğulayıb. O, Azərbaycan tərəfinin hazırladığı memorandum layihəsinin artıq ABŞ-a təqdim edildiyini və müzakirələrin aparıldığını bildirib. Memorandum çərçivəsində biotexnologiyalar və heyvandarlıq sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirə olunduğu diqqətə çatdırılıb. Görüş çərçivəsində aqrar məhsulların ticarətinin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və iki ölkə arasında ticarət əlaqələrinin inkişafı ilə bağlı məsələlər də gündəmə gəlib.