ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi şəbəkəsi sıradan çıxdı

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) əməkdaşları arasında məxfi məlumat mübadiləsi üçün istifadə olunan "NSA Net" adlı daxili rabitə şəbəkəsində nasazlıq aşkar edilib. Məxfi məlumatların təhlükəsiz şəkildə ötürülməsi məqsədini güdən bu sistemin fəaliyyəti müəyyən qədər dayandırılıb.
CNN telekanalının məlumatına görə, hazırda nasazlığın konkret səbəbləri ilə bağlı məlumat yoxdur. Lakin agentliyin mənbələri, problemin bir kiberhücumla bağlı olmadığı qənaətindədir. Şəbəkənin nə zaman tam bərpa ediləcəyi də hələlik məlum deyil.
Son dövrlərdə ABŞ-ın bir sıra dövlət qurumları və böyük şirkətlərinin informasiya sistemlərində texniki problemlər meydana çıxıb. Məsələn, keçən həftə Federal Aviasiya Administrasiyasının hava hərəkətinin idarəetmə mərkəzlərində rabitə nasazlığı səbəbindən ölkə üzrə bütün avia uçuşlar dörd saatdan çox dayandırılıb.
Bundan əlavə, “Microsoft”, “United Airlines” və “JPMorgan Chase” şirkətlərində də genişmiqyaslı texniki nasazlıqlar qeydə alınıb. Bu cür qlobal problemlərin arxasında daha böyük bir səbəb ola biləcəyindən şübhələr yaranmaqdadır.