Ezonn Xəbər

Ankara və Dəməşq dəmir yolu xəttinin tikintisi üzərində işləyir

Ankara və Dəməşq dəmir yolu xəttinin tikintisi üzərində işləyir
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Türkiyə və Suriya, Fars körfəzinin neft hasil edən ölkələri ilə əlaqə yaradacaq yeni dəmir yolu xəttinin tikintisi layihəsini sürətləndirmək barədə razılıq əldə ediblər. Bu barədə məlumatı Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani, Ankarada türkiyəli həmkarı Hakan Fidanla danışıqların nəticələri ilə bağlı keçirilən mətbuat konfransında açıqlayıb. Nazir əş-Şeybani bildirib ki, dəmir yolu xətti Türkiyə ərazisindən başlayacaq, Suriyadan keçməklə İordaniyaya və Fars körfəzinə qədər uzanacaq. Layihənin icrasını sürətləndirmək məqsədilə iki ölkə arasında ümumi razılığa gəlinib. Bununla yanaşı, Dəməşq və Ankara Suriya məhsullarının Türkiyə bazarına çıxışını asanlaşdırmaq, investorların hüquqlarını qorumaq və maliyyələşdirmə imkanlarını genişləndirmək məqsədiylə hüquqi bazanın yaradılması üzərində də çalışacaqlar. Əş-Şeybani, 2025-ci ilə qədər iki ölkə arasında ticarət dövriyyəsinin təxminən 3.7 milyard dollar olacağını və bu rəqəmin 10 milyard dollara çatdırılmasının hədəfləndiyini qeyd edib. Nazirin sözlərinə görə, iki ölkənin hökumətləri elektrik enerjisi və qaz təchizatı şəbəkələrinin inteqrasiyası ilə bağlı strateji planların hazırlanması istiqamətində də səylərini artırırlar. Eyni zamanda, su təhlükəsizliyi mövzusu da müzakirə edilib. Xüsusilə, Suriya və İraq fermerlərinin ehtiyaclarına uyğun olaraq Fərat çayına suyun ədalətli və sabit həcmdə buraxılması məsələsi diqqət mərkəzindədir. Əş-Şeybani, yaxın zamanda Türkiyə, Suriya və İraq arasında su ehtiyatlarından istifadə üçün üçtərəfli texniki komitənin iclasının keçirilməsinin planlaşdırıldığını da əlavə edib.