Ezonn Xəbər

8 Noyabr prospekti 2 həftədir təmirdədir... — “Nə var üstünü örtməyə?”

8 Noyabr prospekti 2 həftədir təmirdədir... — “Nə var üstünü örtməyə?”
Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir. Paytaxtın Xətai rayonu ərazisində yerləşən 8 Noyabr prospektində aparılan qazıntı işləri artıq 2 həftədir ki, başa çatmayıb. Sürücülər, xüsusilə AFFA binasının qarşısında yaranan tıxaclardan narazıdırlar. Hər gün minlərlə avtomobil burada uzun müddət tıxacda qalır. Sürücülərin fikrincə, məhəllədaxili yollardan 8 Noyabr prospektinə çıxmaq çətinləşib. “Yolun yarısı bağlanıb, işə normal qaydada çata bilmirik,” – deyə narazı sürücülərdən biri bildirir. Digəri isə, uşağını dərsə aparmaq üçün saat 7-də evdən çıxdığını, lakin 5 kilometr məsafəni 2 saatda qət etdiyini qeyd edir. Bir başqa sürücü, “Buradan Ağ Şəhərə yol 1 saat çəkir. 3 nəfər işləyir orada. Nə var ki üstünü örtməyə?” – deyərək işlərin sürətinin aşağı olduğuna diqqət çəkib. Bu cür məhdudiyyətlər, hər gün insanların gündəlik rutinini daha da çətinləşdirir. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, ərazidə işlərin aparılması üçün kifayət qədər işçi cəlb olunub. Onlar bildiriblər ki, kollektorun aşınmış divarlarının bərpa işləri artıq başa çatıb və hazırda son bərpa mərhələsinə başlanılıb.