Ezonn Xəbər

Pentaqon hərbi peyklərin istehsalında ciddi problemlərlə üzləşib

Pentaqon hərbi peyklərin istehsalında ciddi problemlərlə üzləşib
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. ABŞ Müdafiə Nazirliyi, hərbi peyk şəbəkəsinin yaradılması üçün zəruri komponentlərin alınmasında əhəmiyyətli çətinliklərlə üzləşdiyini açıqlayıb. Bu haqda ABŞ Konqresinin nəzarət-audit orqanı olan Baş Hesabat İdarəsinin (GAO) hazırladığı sənədlərdə məlumat verilib. Məlumatda bildirilir ki, ABŞ hərbi sənayesi uzun müddət iri peyklərin istehsalına üstünlük verib. Lakin, bu cür peyklərin potensial düşmənlər üçün asan hədəflərə çevrilməsi riski Pentaqonu öz strategiyasını dəyişməyə məcbur edib. Bu səbəbdən, Müdafiə Nazirliyi, sıradan çıxarılması daha çətin olan kiçik peykdən ibarət geniş bir şəbəkə qurmağı qərara alıb. Bununla yanaşı, həm hərbi, həm də kommersiya sektoru üçün peyklərə olan tələbatın artması, təchizat zəncirinə əlavə yük gətirib. GAO-nun hesabatına əsasən, peyklər üçün həyati əhəmiyyət daşıyan bəzi komponentlərin istehsal imkanlarının məhdudluğu, Pentaqonun planlarının icrasını çətinləşdirir. Hesabatda qeyd olunub ki, Müdafiə Nazirliyi təchizat risklərinin azaldılması istiqamətində müəyyən tədbirlər görsə də, bu fəaliyyətləri milli təhlükəsizliklə əlaqəli bütün kosmik proqramlar arasında tam koordinasiya edə bilmir. Eyni zamanda, təchizat zəncirindəki problemlərin müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı məsul şəxslərin və onların vəzifələrinin dəqiq göstərilmədiyi vurğulanır.