Ezonn Xəbər

“Apple” xidmətlərində qlobal nasazlığın səbəbi məlum olub

“Apple” xidmətlərində qlobal nasazlığın səbəbi məlum olub
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. ABŞ-ın texnologiya nəhəngi “Apple” şirkətinin xidmətlərində baş verən genişmiqyaslı nasazlığın səbəbi müəyyənləşib. Şirkət, problemin daxili sistem yeniləməsi ilə əlaqəli olduğunu açıqlayıb. “Bloomberg” agentliyinin verdiyi məlumata görə, “Apple”ın açıqlamasında bildirilib ki, nasazlıq yaratmış daxili yeniləmənin ardından sistemlərin əksəriyyəti bərpa olunub. Şirkət, qalan sistemlərin mümkün qədər tez işə salınması üçün çalışdıqlarını da əlavə edib. Məlumatda, problemlərin kiberhücumlarla əlaqəli olmadığı xüsusi vurğulanıb. Nasazlığın təsir etdiyi sistemlər arasında əməkdaşların avtorizasiya sistemi, korporativ təqvimlər və məsafədən işləmək üçün istifadə olunan virtual şəbəkələr də yer alır. Bu səbəbdən, bir çox “Apple” əməkdaşı bir neçə saat iş fəaliyyətini davam etdirə bilməyib. Bundan əlavə, texniki problemlər dünya üzrə “Apple” mağazalarına da təsir göstərib. Müştəri xidmətlərində, məhsul satışında və cihazların təmirində fasilələr qeydə alınıb. İstifadəçilər isə “Apple ID”, “iCloud”, “App Store”, “Apple Pay” və “Apple Music” kimi xidmətlərin fəaliyyətində çətinliklərlə üzləşdiklərini bildiriblər. Hal-hazırda problemlərin səbəbləri, təsirə məruz qalan istifadəçilərin sayı və xidmətlərin nə vaxt tam bərpa olunacağı barədə məlumat yoxdur.