Dünyanı qorxudan xəbərdarlıq — Hökumətlərə çağırış edildi

Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 18-24 noyabr tarixlərində keçiriləcək Antimikrob Müqaviməti Maarifləndirmə Həftəsindən əvvəl beynəlxalq ictimaiyyətə təcili çağırış edib. Təşkilat bakteriyaların antibiotiklərə qarşı getdikcə artan müqavimətini görərək, bunu ciddi bir təhlükə kimi dəyərləndirir.
ÜST-ün açıqlaması zamanı bildirilib ki, əgər bu problemin həlli istiqamətində tədbirlər görülməzsə, gələcək 25 ildə 39 milyon insanın həyatını itirəcəyi ehtimal olunur. Qurumun məlumatına görə, 2021-ci ildə dünyada 1 milyondan çox insan dərman müqaviməti səbəbindən həyatını itirmişdir. Bunu vurğulayan mütəxəssis Jan-Pyer Niemazi, antimikrob müqavimətinin qlobal səhiyyə üçün böyüyən bir problem olduğunu bildirib.
ÜST mütəxəssisləri bu müqavimətin nəzarət altına alınmaması halında müasir tibbin təməl prinsiplərinin ciddi risklərlə üzləşəcəyini qeyd edirlər. İnfeksiyaların müalicəsində istifadə olunan dərmanların effektivliyini itirməsi, adi cərrahi əməliyyatları və doğuş prosesini belə təhlükəli hala gətirə bilər. Bununla yanaşı, xüsusi risk altında olan şəxslər, xüsusilə zəif immunitet sisteminə malik insanlar, xərçəng müalicəsi alanlar və xroniki xəstəlikləri olanlar, bu vəziyyətdən daha çox təsirlənirlər.
Araşdırmalar, dünya ölkələrinin yalnız üçdə birinin infeksiyaların qarşısını almaq və onlara nəzarət qaydalarını tam şəkildə tətbiq etdiyini göstərir. ÜST, dövlətləri səhiyyə sistemlərini gücləndirməyə, lazımsız antibiotik istifadəsini minimuma endirməyə və yeni dərmanların hazırlanması üçün səyləri artırmağa çağırıb. Bu məsələlərin həlli, gələcəkdə ölüm hallarının artmasını önləmək üçün son dərəcə vacibdir.