Ezonn Xəbər

Dünya bazarlarında qızıl, neft və digər əmtəələr ucuzlaşır – Qızıl 14 aylıq minimumda

Dünya bazarlarında qızıl, neft və digər əmtəələr ucuzlaşır – Qızıl 14 aylıq minimumda
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Dünya əmtəə bazarlarında qızılın, neftin və digər qiymətli metalların qiymətləri ucuzlaşmaqdadır. Məlumata görə, qızılın bir unsiyasının spot qiyməti 1,6% azalaraq 3 787,65 dollara enib. Bu qiymət 2025-ci ilin sentyabrından bəri ən aşağı səviyyəni ifadə edir. Qiymətli metallardakı bu eniş, ABŞ dollarının möhkəmlənməsi və Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini artıracağına dair gözləntiləri ilə bağlıdır. Bazar iştirakçıları, dekabr ayında faizlərin 25 baza bəndi artırılması ehtimalını 95,7% qiymətləndirirlər. FED rəsmiləri inflyasiya ilə mübarizədə əlavə faiz artımlarına ehtiyac olduğunu vurğulayıb. Neft bazarında da qiymətlərdə azalma müşahidə olunur. Brent markalı neftin fyuçersləri 0,17% azalaraq, bir barel üçün 92,98 dollara, ABŞ WTI markalı nefti isə 0,65% düşərək 85,45 dollara geriləyib. Amerika Neft İnstitutunun (API) məlumatlarına əsasən, noyabrın 13-də başa çatan həftədə ABŞ-nin xam neft ehtiyatları 5,28 milyon barel artıb. Bununla yanaşı, ABŞ və İran arasında hərbi qarşıdurmaların davam etməsi, Hörmüz boğazında daşımaların məhdudlaşması neftin daha kəskin ucuzlaşmasına mane olur. Digər qiymətli metallar da ucuzlaşıb; gümüş 3,1%, platin 1,5% və palladium 2% azalıb. Sənaye metalları bazarında zəifliyin davam etdiyi görülür. Məsələn, London Metal Birjasında misin qiyməti 13 144 dollaradək geriləyib. Noyabrın 17-də alüminium 2,08%, qalay 2,41% ucuzlaşarkən, nikel 3,76% bahalaşıb. ABŞ-də təbii qazın dekabr fyuçersləri də mülayim hava proqnozları səbəbindən ucuzlaşıb və bir milyon Britaniya istilik vahidi üçün 3,08 dollara ticarət edilib.