Ezonn Xəbər

Bakıda bu ərazilərə giriş pullu olacaq

Bakıda bu ərazilərə giriş pullu olacaq
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Bakı şəhərində yeni ödənişli hərəkət zonalarının yaradılması nəzərdə tutulur. Bu dəyişikliklər, Milli Məclisin plenar iclasında müzakirə olunan “Avtomobil yolları haqqında” qanun layihəsi çərçivəsində qəbul edilib. Həmin zonalara avtomobillə daxil olan sürücülər müəyyən məbləğdə haqq ödəməli olacaqlar. Yeni qanun layihəsinə əsasən, ödənişli zonalara nəqliyyat vasitələrinin daxil olmasına görə ödəniləcək haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək. Toplanan vəsait isə dövlət büdcəsinə yönləndiriləcək. Bundan əlavə, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarına aid başqa bir dəyişiklik də var. Belə ki, bu sahədə fəaliyyət göstərən daşıyıcılara məsafə əsaslı xidmət göstərmələri üçün subsidiya ayrılması planlaşdırılır. Bu subsidiyaların maliyyələşdirilməsi dövlət büdcəsi hesabına həyata keçiriləcək. Dəyişiklərin məqsədi, şəhərdə nəqliyyatın idarə olunmasını asanlaşdırmaq və sıxlığın qarşısını almaqdır. Yeni sistemin tətbiqi ilə yolların daha səmərəli istifadəsi təmin ediləcək. Qanun layihəsinin dəqiqləşdirilməsi və tətbiqləri barədə daha ətraflı məlumatın verilməsi gözlənilir.