Ölkə daxili yükdaşıma fəaliyyəti üçün 8% dərəcə ilə vergi hüququ

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Ölkə daxilində yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə alternativ olaraq 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi tətbiqi hüququnun verilməsi təklif olunub. Bu dəyişiklik, Milli Məclisin keçirilən iclasında müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, ölkədaxili yükdaşıma sektoru iqtisadiyyatın tədarük zəncirini təmin edən əsas xidmət sahələrindən biridir. Bu sahədə fəaliyyət göstərən subyektlərin əksəriyyəti kiçik sahibkarlar və fərdi daşıyıcılardan ibarətdir. Müxtəlif xərclərin qeyri-rəsmi olaraq rəsmiləşdirilməsi, dövriyyənin tam bəyan edilməməsinə səbəb olur ki, bu da qeyri-rəsmi fəaliyyət risklərini artırır.
8 faiz dərəcə ilə sadələşdirilmiş vergi tətbiqinin 5 il müddətinə verilməsi, bu sahədə vergi öhdəliklərinin sadələşdirilməsi, inzibat xərclərin azalması və sahibkarların könüllü uyğunluğunun artmasına xidmət edəcək. Bu mexanizm, yükdaşıma xidmətlərinin rəsmiləşdirilməsini təşviq edərək, logistika xərclərinin şəffaflaşmasına və bazarda bərabər rəqabət mühitinin formalaşmasına müsbət təsir göstərəcək.
Bundan əlavə, ictimai iaşə fəaliyyəti göstərən vergi ödəyiciləri üçün yeni güzəştlər, traktorların satışı və ehtiyat hissələrinin idxalı ilə bağlı ƏDV-dən azad olunma müddətlərinin uzadılması da gündəmdədir. Həmçinin, fiziki şəxslərin əmlak icarəsi gəlirləri üzrə vergilərin yeni qaydalarla hesablanacağı da bildirilir.