“ƏDV geri al” mexanizminin əhatə dairəsi genişləndirilir

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Bu gün keçirilən Milli Məclisin iclasında “ƏDV geri al” mexanizminin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı Vergi Məcəlləsinə təklif olunan dəyişiklik müzakirəyə çıxarılıb. Müzakirələrin nəticəsi olaraq qanun layihəsi səsverməyə təqdim edilib və birinci oxunuşda qəbul olunub.
Yeni təklifə əsasən, sadələşdirilmiş və gəlir/mənfəət vergisi ödəyiciləri tərəfindən fiziki şəxslərə təqdim olunan mallar, işlər və xidmətlər üçün “ƏDV geri al” mexanizmi tətbiq olunacaq. Bu mexanizm yalnız nağdsız əməliyyatların dəyərinin 0,9 faizinin geri qaytarılmasını nəzərdə tutur və vergidən azad edilmiş mallar üçün şamil edilmir.
Müzakirələrdə, ictimai iaşə fəaliyyəti göstərən vergi ödəyiciləri üçün yeni güzəştlərin tətbiq ediləcəyi vurğulanıb. Bununla yanaşı, ölkə daxilində yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə 8% dərəcə ilə sadələşdirilmiş vergi hüququ veriləcək.
Dəyişiklər, həmçinin mehmanxana və sanatoriya fəaliyyətlərinə dair yeni vergi güzəştləri, traktorların satışı və ehtiyat hissələrinin idxalı üçün 6 il müddətinə ƏDV-dən azad olunması kimi bir sıra digər yenilikləri əhatə edir. Kiçik sahibkarlıq subyektləri üçün yeni güzəştlərin müəyyən edilməsinin də planlaşdırıldığı qeyd olunur.
Bundan əlavə, Azərbaycanda yanacaq məhsullarının markalanması və izlənilməsi mexanizminin tətbiqi, fiziki şəxslərin əmlak icarəsi gəlirləri üzrə verginin yeni qaydada hesablanması və digər vergi güzəştləri üçün də müvafiq dəyişikliklər təqdim edilir.