Əsgər ölümündə təqsirləndirilən həkim həbs olunub, 9 min manat təzminat ödəyəcək

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Hərbi həkim N.A. əsgər Əli İbrahimlinin ölümündə təqsirləndirilərək Füzuli Hərbi Məhkəməsində 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs zərərçəkmiş tərəfə 6,000 manat maddi, 3,000 manat isə mənəvi ziyan ödəməli olacaq. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Hadisənin 2022-ci ilin oktyabrında baş verdiyi bildirilir. Əli İbrahimli, narahatlıq hissi ilə hərbi tibb məntəqəsinə müraciət edib, burada taxikardiya olduğu aşkarlanıb. Həkim N.A., müayinələrdə aşkar edilən əlamətləri qiymətləndirməyərək, yuxarı rəhbərliklə paylaşmamışdır.
Məhkəmə prosesində N.A.-nın tibbi müayinələri, o cümlədən elektrokardioqrafiya və digər labarator analizlərin həyata keçirilmədiyi təsdiqlənib. Üstəlik, əsgərə zamanında tibbi yardım göstərilməməsi, onun həyati təhlükə yaradan vəziyyətini daha da pisləşdirmişdir.
Təqsirləndirilən həkim, əsgərin xəstəlik hallarını lazımi qaydada araşdırmayaraq, yalnız təzyiq ölçməklə kifayətlənmişdir. Daha sonra o, əsgəri geri hərbi hissəyə göndərmiş, nəticədə Əli İbrahimlinin həyatı itirilmişdir.
Həkim N.A. Cinayət Məcəlləsinin 342.1-1-ci maddəsi ilə səhlənkarlığı səbəbi ilə ölümə səbəb olmaqda təqsirli bilinmişdir. Məhkəmə qərarı ilə əsgərin ölümündəki roluna görə onun cəzalandırılması mütləq hesab edilib.