Təhsil müəssisələrində istilik sistemləri ilə bağlı mövcud vəziyyət açıqlanıb
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 15-dən etibarən ölkə üzrə istilik mövsümünə başlanılıb. Bu çərçivədə təhsil müəssisələrinin istilik sistemləri ilə bağlı müvafiq hazırlıq işləri həyata keçirilib. MÜTDA-nın APA-ya verdiyi məlumata görə, bu istiqamətdə aparılan araşdırmalar nəticəsində qazanxana və istilik sistemlərinin texniki vəziyyəti yoxlanılıb, aşkar edilən nasazlıqların aradan qaldırılması üçün zəruri tədbirlər görülüb.
Hal-hazırda, 214 məktəb və 151 məktəbəqədər təhsil müəssisəsində istilik mərkəzləşdirilmiş şəkildə təmin olunur. Odun yanacağı istifadə edən məktəblər pellet yanacağına keçid ediblər. Ümumilikdə, 1438 müəssisə üçün 9209 pellet sobası quraşdırılıb. Bununla yanaşı, 176 təhsil müəssisəsində qazlaşdırma işinə başlanılıb, onlardan 144-də işlər tamamlanıb, 32-də isə davam etdirilir.
İstilik sistemlərinin dayanıqlı təşkili məqsədilə cari ildə 743 təhsil müəssisəsində istilik sisteminin təmiri həyata keçirilib. İstilik mövsümü ərzində yaranan texniki problemlərin operativ həlli üçün regionlarda aidiyyəti qurumlarla birlikdə xüsusi qruplar yaradılıb. Daxil olan müraciətlər qeydiyyata alınır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır.
Təhsil müəssisələrində istilik təminatı ilə bağlı mövcud çatışmazlıqların aradan qaldırılması və istilik mövsümü ərzində problemlərə vaxtında müdaxilə edilməsi istiqamətində tədbirlər mövsümboyu davam etdiriləcək.