Ezonn Xəbər

1 438 təhsil müəssisəsi pellet sobaları ilə təchiz olunub

1 438 təhsil müəssisəsi pellet sobaları ilə təchiz olunub
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Noyabrın 15-dən ölkə üzrə istilik mövsümünün başlanması ilə əlaqədar olaraq, təhsil müəssisələrində istilik sistemlərinin təşkili istiqamətində əhəmiyyətli hazırlıq işləri həyata keçirilib. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. MÜTDA-nın məlumata görə, təhsil müəssisələrinin istilik sistemlərinin mövcud vəziyyəti araşdırılıb və müvafiq qurumlarla birlikdə qazanxana və istilik sistemlərinin texniki sazlığı yoxlanılıb. Aşkar edilən nasazlıqların aradan qaldırılması üçün zəruri tədbirlər görülüb. Hazırda 214 məktəb və 151 məktəbəqədər təhsil müəssisəsində istilik təminatı mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Odun yanacağından istifadə edən müəssisələr isə pellet yanacağına keçirilib. Ümumilikdə, 1 438 təhsil müəssisəsi üçün 9 209 pellet sobası alınmışdır. Bundan əlavə, 176 təhsil müəssisəsində qazlaşdırma işlərinə başlanıb. Onlardan 144-də işlər yekunlaşıb, 32 müəssisədə isə proses hələ də davam edir. Qazlaşdırma işləri tamamlanmamış müəssisələrdə alternativ istilik avadanlıqlarından istifadə edilir. Cari ildə 743 təhsil müəssisəsində istilik sistemləri təmir edilib. İstilik mövsümü ərzində yarana biləcək texniki problemlərin operativ həlli üçün xüsusi qruplar yaradılıb. Daxil olan müraciətlər qeydə alınır, təhlil edilir və problemlərin qısa müddətdə aradan qaldırılması üçün lazımi tədbirlər görülür. Təhsil müəssisələrində istilik təminatının dayanıqlı təşkili ilə bağlı işlər istilik mövsümü boyunca davam edəcək.