İstilik verilən məktəblərin sayı açıqlanıb

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 15-dən etibarən Azərbaycanda istilik mövsümünün başlaması ilə əlaqədar təhsil müəssisələrinin hazırlığı sürətləndirilir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən verilən məlumata görə, bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir.
Hazırlıq çərçivəsində məktəblərin istilik sistemlərinin vəziyyəti araşdırılmış və müvafiq qurumlarla birgə qazanxana və istilik sistemlərinin texniki sazlığı yoxlanılıb. Aşkar edilən nasazlıqların aradan qaldırılması üçün zəruri addımlar atılıb.
Hazırda 214 məktəb və 151 məktəbəqədər təhsil müəssisəsində istilik təminatı mərkəzləşdirilmiş şəkildə təşkil olunur. Odun yanacağından istifadə edən bütün təhsil müəssisələrində pellet yanacağına keçid təmin edilib, bu da 1438 müəssisə üçün 9209 pellet sobası ilə təchiz olunması deməkdir.
Eyni zamanda, 176 təhsil müəssisəsində qazlaşdırma işlərinə başlanılıb. Hazırda bu müəssisələrdən 144-ü tamamlanıb, 32-də isə işlər hələ də davam edir. Qazlaşdırma prosesi yekunlaşmayan 32 müəssisədə alternativ istilik sistemləri ilə istilik təmin olunur.
Cari ildə 743 təhsil müəssisəsində istilik sistemlərinin təmiri aparılıb. Gündən-günə ortaya çıxa biləcək texniki problemlərin operativ həll edilməsi məqsədilə regionlarda xüsusi qruplar yaradılıb. Bu qruplar müraciətləri qeydiyyata alır, təhlil edir və lazımi tədbirləri həyata keçirir. Təhsil müəssisələrində istilik təminatının dayanıqlı təşkili üçün tədbirlər mövsüm boyunca davam edəcək.