“Alkhara” brendinin növbəti təqdimatı keçirilib – Milli irs müasir dəblə bir arada

Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanın qədim milli parça növlərindən biri olan alxaranın zənginliyini müasir dəblə birləşdirən “Alkhara” geyim brendinin növbəti təqdimat mərasimi baş tutub. Tədbirdə iştirakçılara brendin fəlsəfəsi, parçaların hazırlanma prosesi, milli geyim ənənələrinin qorunması və müasir moda vasitəsilə təbliği istiqamətində görülən işlər barədə geniş məlumat verilib.
"Alkhara: Nağıllar gerçəkləşir" sloqanı altında keçirilən təqdimatda milli irsimizin qədim naxışlarını, rəng çalarlarını və estetik xüsusiyyətlərini özündə əks etdirən eksklüziv geyim kolleksiyaları nümayiş olunub. Modellərin təqdimatı zamanı ənənəvi milli motivlərin müasir dizayn elementləri ilə necə uzlaşdırıldığı iştirakçıların diqqətini cəlb edib.
Brendin təsisçisi və dizayneri Kövsər Salmanova, layihənin ideyasının Azərbaycanın milli irsindən, xüsusilə də nadir alxara parçasından ilhamlanaraq yarandığını bildirib. O, qeyd edib ki, əsas məqsəd milli geyim ənənələrini yaşayadaraq, müasir dəb vasitəsilə dünyaya tanıtmaqdır.
Təqdim olunan kolleksiyalar iştirakçıların marağına səbəb olub. Qonaqlar, milli naxışların müasir geyimlərdə istifadəsini yüksək qiymətləndirib, qədim tekstil ənənələrinin yaşadılmasını əhəmiyyətli sayıb. “Alkhara” brendinin ilk təqdimatında isə brendin yaranma ideyası və gələcək hədəfləri ictimaiyyətə təqdim edilmişdi ki, bu da layihənin davamı olaraq yeni kolleksiyaların nümayişini, geniş auditoriyaya çatdırılmasını əhəmiyyətli edir.
“Alkhara” brendi, ənənə ilə müasirliyin vəhdətini nümayiş etdirməklə yanaşı, milli mədəni irsimizin yeni nəsillərə çatdırılmasına da töhfə vermək məqsədini güdür.