Ezonn Xəbər

Geoloji parkın yaradılması istiqamətində işlər davam edir

Geoloji parkın yaradılması istiqamətində işlər davam edir
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycanda geoloji irsin qorunması və geoturizmin inkişafı məqsədilə yaradılması planlaşdırılan Geoloji park layihəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçi qrupunun iclasını keçirib. İclasda layihənin konseptual istiqamətləri müzakirə edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbərinin müavini Aynurə Kərimova, "Cebheinfo.az" ilə söhbətində, iclas zamanı Geoloji parkın konsepsiyasının yekun variantının formalaşdırılması, ərazinin sərhədlərinin müəyyənləşdirilməsi və beynəlxalq tələblərə uyğun nominasiya sənədinin hazırlanması istiqamətində görülən işlərin gedişindən danışıb. Nazirlik rəsmisi qeyd edib ki, Geoloji parkın yaradılması Azərbaycanın unikal geoloji irsini qorumağa, Abşeron yarımadasının palçıq vulkanlarını təbliğ etməyə və ekoturizmin inkişafına yönələcək. Eyni zamanda, layihənin məqsədi Azərbaycanı UNESCO-nun Qlobal Geoparklar Şəbəkəsinə daxil etməkdən ibarətdir. Geoloji parkın yaradılması təşəbbüsü Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq həyata keçirilir. Yeni geoparkın Bakı və Abşeron yarımadasındakı palçıq vulkanları arasından beynəlxalq ekspertlər tərəfindən seçilmiş ərazilərdə yaradılması planlaşdırılır.