Mineral və qazlı içkilərə YENİ VERGİ

Ezonn TV «Xəzər Xəbər» mənbəsinə istinadən xəbər verir.
Bu gün Milli Məclisin plenar iclasında müzakirə olunan Vergi Məcəlləsinə dəyişikliklər çərçivəsində, şirinləşdirilmiş mineral və qazlı içkilərin aksizli malların siyahısına daxil edilməsi nəzərdə tutulur. Dəyişiklik qəbul edilərsə, yerli istehsal olunan bu içkilərin hər litrinə 0,10 manat aksiz vergisi tətbiq olunacaq.
Dəyişikliyin əsas məqsədi ictimai sağlamlığın qorunması və istehlak davranışlarının tənzimlənməsidir. Ümumdünya Səhiyyə Təşkilatı, şəkər tərkibli içkilərin istehlakını azaltmaq məqsədilə bu cür məhsullara vergi tətbiqini üzv dövlətlərə tövsiyə edir. Bununla da, piylənmə, diabet və digər qeyri-infeksion xəstəliklərin yayılmasının qarşısının alınmasına yardım edilməsi planlaşdırılır.
Hər litrə 0,10 manat aksiz vergisinin tətbiq ediləcəyi gözlənilir. Bu mexanizmin sağlam qida seçimlərini təşviq edərək, uzunmüddətli səhiyyə xərclərinin azalmasına xidmət edəcəyi vurğulanır. Həmçinin, aksiz markalanması məhsulların dövriyyəsinin izlənməsini asanlaşdıracaq, qeyri-qanuni istehsal və idxalın qarşısını almağa kömək edəcək.
Yeni dəyişikliklərin yerli istehsalçılara da təsir edəcəyi bildirilir. Bu proses istehsalçıları daha sağlam alternativ məhsullar yaratmağa yönəldəcək və bazarda keyfiyyət rəqabətini artıracaq. Aksiz vergisinin tətbiqi nəticəsində büdcəyə əlavə vəsait daxil olması da gözlənilir. Bu əlavə vəsaitin səhiyyə və maarifləndirmə proqramlarının maliyyələşdirilməsi üçün istifadə olunması planlaşdırılır. Beləliklə, təklif olunan dəyişiklik həm əhalinin sağlamlığını qoruyacaq, həm də vergi inzibatçılığında şəffaflığı artıracaq.