Vergi güzəştlərinin müddəti 3 il uzadılır

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Milli Məclisin bu gün keçirilən iclasında bir sıra vergi güzəştlərinin müddətinin 3 il uzadılması məsələsi müzakirə olunub. Bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə yer alıb.
Müddəti bitən vergi güzəştlərinə səmərəlilik baxımından yenidən baxıldığı bildirilib. Müvafiq qiymətləndirmələr əsasında aşağıdakı vergi güzəştlərinin uzadılması nəzərdə tutulur: Formula 1 və Formula 2 yarışları ilə əlaqədar güzəştlər, buğdanın idxalı və satışı üzrə ƏDV azadolması, elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucularının idxalı və satışı üzrə ƏDV azadolması.
Bundan əlavə, kəpəyin istehsalı və satışı, yem və yem əlavələrinin satışı üzrə dövriyyələrə tətbiq olunan ƏDV-dən azad olunması da təklif edilib. Eyni zamanda, icbari tibbi sığorta fondu və digər sosial məqsədli fondlar vasitəsilə tibbi xidmətlərin göstərilməsi üzrə də ƏDV azadlığı nəzərdə tutulur.
Müzakirələrdə, həmçinin regionlarda fəaliyyət göstərən otel mülklərinə tətbiq olunan əmlak vergisinin 75 faiz azaldılması, xarici yük avtomobilləri üçün yol vergisindən azadolma kimi mühüm məsələlər də yer alıb. Qanun layihəsi müzakirələrin ardından səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.