“Alkhara” brendinin növbəti təqdimatı keçirilib — Milli irs müasir dəblə bir arada

Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanın qədim milli parça növlərindən biri olan alxaranın zənginliyini müasir dəblə birləşdirən “Alkhara” geyim brendinin növbəti təqdimat mərasimi uğurla həyata keçirilib. Tədbirdə iştirakçılara brendin fəlsəfəsi, parçaların hazırlanma prosesi və milli geyim ənənələrinin qorunması barədə ətraflı məlumat verilib.
“Alkhara: Nağıllar gerçəkləşir” sloqanı ilə keçirilən təqdimatda milli irsimizin qədim naxışlarını və rəng çalarlarını özündə əks etdirən eksklüziv geyim kolleksiyaları nümayiş olunub. Modellərin təqdimatı zamanı ənənəvi milli motivlərin müasir dizayn elementləri ilə birləşdirilməsi diqqət mərkəzində olub.
“Alkhara” geyim brendinin təsisçisi və dizayneri Kövsər Orucbəyli, layihənin ideyası alxara parçasından ilhamlanaraq yarandığını bildirib. Onun sözlərinə görə, əsas məqsəd Azərbaycanın qədim parça və geyim ənənələrini yaşatmaq, milli irsimizi müasir dəb vasitəsilə dünyaya tanıtmaqdır.
Təqdim olunan kolleksiyalar iştirakçılar arasında böyük maraq doğurub. Qonaqlar öz təəssüratlarını bölüşərək milli naxışların müasir geyimlərdə istifadəsini və qədim tekstil ənənələrinin yaşadılmasını yüksək qiymətləndiriblər. “Alkhara” brendinin ilk təqdimatından sonra bu ikinci mərasimin brendin yaradıcılıq istiqamətinin daha geniş auditoriyaya çatdırılması baxımından əhəmiyyətli olduğu vurğulanır.
“Alkhara” brendi, ənənə ilə müasirliyin vəhdətini nümayiş etdirərək, milli mədəni irsimizin yeni nəsillərə çatdırılmasına və Azərbaycan dəbinin tanıdılmasına da töhfə verməyi hədəfləyir.