Türkiyədə yaşamaq istəyən investorların nəzərinə - Qaydalar dəyişdi

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı yeni qanun ilə ölkədə yaşamaq istəyən xarici investorlar üçün qaydalar dəyişib. Bu qanuna əsasən, yaşayış icazəsinin müddəti, qoyulan investisiyanın məbləğindən asılı olacaq.
Xüsusi olaraq, 150 000 ABŞ dolları (təxminən 255 000 AZN) yatıran xarici vətəndaşlar 3 illik, 200 000 ABŞ dolları (340 000 AZN) yatıranlar isə 5 illik yaşayış icazəsi almaq üçün müraciət edə biləcəklər. Qeyd edək ki, investisiyanın yalnız ABŞ dolları ilə olması tələb olunmur; digər xarici valyutalarla da investisiya etmək mümkündür.
Yeni qaydalar çərçivəsində xarici investorlar bank depozitləri, dövlət istiqrazları, investisiya fondları və fərdi pensiya sistemləri vasitəsilə sərmayə qoya bilərlər. Investisiya məbləği, tələb olunan müddət ərzində qorunmalıdır: 3 illik icazə üçün 18 ay, 5 illik icazə üçün isə 30 ay ərzində bu məbləğin saxlanılması lazımdır.
Bununla yanaşı, müəyyən edilmiş investisiya məbləği yaşayış icazəsinin avtomatik verilməsini təmin etmir. İcazə üçün müraciət edən şəxslər, qanunvericilikdə deyilən digər şərtlərə də cavab verməlidirlər. Müraciət zamanı investisiyanı banklarda depozit olaraq yerləşdirmək imkanı da mövcuddur.
Yeni qanun investorların ailə üzvlərinin, yəni həyat yoldaşları və 18 yaşına çatmayan övladlarının da yaşamaq icazəsi almasına imkan yaradacaq. Lakin investisiya əsasında Türkiyə vətəndaşlığı əldə etmək üçün ayrıca qanunvericilik tələb olunur.
Daxili İşlər Nazirliyinə, yaşayış icazəsinin verilməsinə dair prosedur və şərtlərin təsdiqi ilə bağlı vəzifələr tapşırılıb. Üç il əvvəl Türkiyədə yaşayış icazəsi üçün daşınmaz əmlak alınması meyarlarının sərtləşdiriləcəyi ilə bağlı xəbərlər yayılmışdı; o zaman minimum qiymətin 600 min dollar olacağı bildirilmişdi.