Ezonn Xəbər

Yunanıstanda xaricilər üçün mənzil alışına vergi artırılır

Yunanıstanda xaricilər üçün mənzil alışına vergi artırılır
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Yunanıstan hökuməti, Avropa İttifaqı (Aİ) və Avropa İqtisadi Məkanından kənar ölkələrdən olan vergi rezidentləri üçün mənzil alışına tətbiq edilən vergini artırır. Yeni qaydalara əsasən, bu vergi 2027-ci ildən etibarən 3%-dən 15%-ə yüksələcək. Dəyişikliyin təsdiqlənməsi Yunanıstanın rəsmi hökumət bülletenində dərc edilən 5355/2026 saylı qanunla həyata keçirilib. Yeni verginin yalnız yaşayış məqsədli daşınmaz əmlak alışına şamil olunacağı bildirilib. Beləliklə, Aİ-yə daxil olmayan ölkələrin vergi rezidentləri 15%-lik vergi ödəməli olacaqlar. Verilən məlumatlara görə, bələdiyyə əlavəsi ilə birlikdə faktiki vergi yükü 15,45%-ə qədər çıxa bilər. Hazırda bu göstərici 3,09%-dir. Məsələn, 250 min avroluq mənzil alarkən yeni vergi sisteminə əsasən alıcının ödəniləcək vergi məbləği 38 625 avro olacaq. Dəyişiklik, Yunanıstanın “qızıl viza” proqramından yararlanmaq istəyən xarici investorlar üçün əlavə xərclər yarada bilər. Bu proqram əcnəbilərə müəyyən investisiya tələblərinə riayət etdikdə uzunmüddətli yaşayış icazəsi alma imkanı tanıyır. Bununla yanaşı, qeyri-yaşayış təyinatlı daşınmaz əmlakın alınması üçün bu yeni vergi tətbiq edilmir, ilk yaşayış evinin alınması ilə bağlı güzəştlər isə qüvvədə qalacaq.