Ezonn Xəbər

Lizinq şirkətinin mənfəəti 61% artıb – Lizinq portfeli 17,6 milyon manata çatıb

Lizinq şirkətinin mənfəəti 61% artıb – Lizinq portfeli 17,6 milyon manata çatıb
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycanda fəaliyyət göstərən “Sara Lizinq” MMC 2025-ci ili 943,1 min manat xalis mənfəətlə başa vurmuşdur. Bu, 2024-cü ildə qeydə alınmış 586,8 min manatla müqayisədə 60,7% artım deməkdir. Şirkətin maliyyə hesabatında qeyd edilir ki, hesabat dövründə faiz gəlirləri 56,5% artaraq 1,64 milyon manata çatmışdır. Eyni zamanda avadanlıq və nəqliyyat vasitələrinin satışından əldə edilən gəlirlər 2,7 dəfə artaraq 11,27 milyon manat təşkil etmişdir. Satılmış avadanlıq və nəqliyyat vasitələrinin maya dəyəri 10,98 milyon manat, ümumi və inzibati xərclər isə 719,3 min manat olmuşdur. Vergidən əvvəlki mənfəət 59,2% artaraq 1,18 milyon manata yüksəlmişdir. “Sara Lizinq”in aktivləri 2025-ci ilin sonunda əvvəlki illə müqayisədə 16,5% artaraq 41,6 milyon manata çatmışdır. Bu aktivlərin tərkibində maliyyə lizinqinə xalis investisiyalar 48% artaraq 17,61 milyon manata, ticarət və digər debitor borcları isə 6,53 milyon manata yüksəlmişdir. Şirkətin borc vəsaitləri də 68,8% artaraq 15,42 milyon manata çatmışdır, cəmi öhdəlikləri isə 39,24 milyon manat təşkil etmişdir. Hesabat ilində şirkətin kapitalı 66,5% artaraq 2,36 milyon manata yüksəlmiş, nizamnamə kapitalı isə 600 min manatdan 1 milyon manata çatdırılmışdır.