Bakıdan sonra bu şəhərlərdə də binalar sökülə bilər - Kompensasiya MƏBLƏĞLƏRİ
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir.
Bakı və Sumqayıt şəhərlərində qəzalı binaların söküntüsündən sonra Gəncə, Naxçıvan və Masallıda da bu cür binaların sökülməsi planlaşdırılır. Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc məlumat verib.
Orucun sözlərinə görə, söküntü zamanı sakinlərə pul kompensasiyasının verilməsi ilə yanaşı, alternativ mənzillərlə təmin olunmasına üstünlük veriləcək. O, köhnə mənzil fondunun yenilənməsi proqramının yalnız Bakı və Sumqayıtla məhdudlaşmadığını, ölkənin bütün rayonlarını əhatə etdiyini qeyd edib.
Proses, Bakıda "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan"a uyğun həyata keçiriləcək. Digər şəhər və rayonlarda isə müvafiq sosial-iqtisadi inkişaf və şəhərsalma prinsiplərinə əsaslanacaq.
AQC-nin ilkin hesablamalarına görə, kompensasiya məbləğləri Naxçıvanda 1 400-1 800 manat, Masallıda 1 000-1 500 manat, Gəncədə isə 1 500-2 000 manat arasında ola bilər. Lakin hazırlanan rəqəmlər rəsmi deyil, cəmiyyətin qiymətləndirmələri əsasında təxminən müəyyənləşdirilib.
Qeyd edək ki, hazırda bu ərazilərdə kompensasiyaların ödənilməsi ilə bağlı konkret dövlət qərarı yoxdur. Hər hansı bir qərar verildikdə, məbləğlərin müəyyənləşdirilməsində bir neçə mexanizmdən istifadə ediləcək, bunlara qiymətləndirmə xidmətlərinin satınalması və müvafiq komissiyanın qərarı daxildir.