Evini kirayə verənlərin nəzərinə!

Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir.
Gələn ildən başlayaraq, fiziki şəxslərin kirayə gəlirləri vergiyə cəlb edilərkən xərclərin nəzərə alınması imkanı təqdim ediləcək. Bu, Milli Məclisin gündəliyinə daxil edilmiş Vergi Məcəlləsindəki dəyişikliklər paketinin bir hissəsidir.
Dəyişikliklərə əsasən, kirayə verən fiziki şəxslər vergi uçotuna daxil olmalı və bəyannamə təqdim etməklə, kirayə fəaliyyətləri ilə bağlı çəkdikləri xərcləri gəlirlərindən çıxaraq vergi ödəmək hüququna sahib olacaqlar. Bununla yanaşı, bu imkanı istifadə etmək istəyən şəxslər vergi orqanına uyğun məlumat verməli və icarəçiyə də məlumat təqdim etməlidirlər.
Məlumatın vergi orqanına təqdim edildiyi aydan etibarən, həmin şəxsin kirayə gəlirlərindən ödəmə mənbəyində vergi tutulması dayandırılacaq. Vergi ilinin sonunda isə gəlir vergisi hesablanarkən, həmin şəxsin illik qazancı ilə çəkdiyi xərclər nəzərə alınacaq. Əvvəlki dövrlərdə tutulmuş vergi məbləğləri isə illik gəlir vergisindən çıxılacaq.
Bu dəyişikliklər 2027-ci ilin büdcə zərfinə daxil edilib. Buna paralel olaraq, Azərbaycanda bu ildən etibarən yaşayış sahələrinin kirayəyə verilməsindən əldə olunan gəlirlərin vergi dərəcəsi 14%-dən 10%-ə endirilib. Kirayə haqqı vergi ödəyicisi olaraq uçotda olmayan şəxslər tərəfindən ödənildikdə isə kirayəyə verən şəxs özü və ya təyin etdiyi vergi agenti vasitəsilə vergini ödəyəcək.
Müzakirələrdən sonra layihə birinci oxunuşda qəbul edilib.