“Ləmanın nəfəsi kəsilir, oksigeni düşür, təcili kömək lazımdır” – Könül Vəlibəylinin bacısından FƏRYAD

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
Bakı Milli Geyim Evinin mərhum rəhbəri Könül Vəlibəylinin qızı, 2000-ci il təvəllüdlü Ləman Qulamovanın vəziyyəti ağırlaşmışdır. Hal-hazırda Novxanıdakı 2 saylı dövlət xəstəxanasında müalicə alan Ləmanın oksigen saturasiyası aşağı düşür, hərarəti 38 dərəcəyə yüksəlmiş və nəbzi 145-i keçmişdir. Təcili olaraq müvafiq tibbi imkanlara malik xəstəxanaya köçürülməsi tələb olunur.
Ləmanın xalası Maya Hümbətova, aidiyyəti dövlət qurumlarına, Səhiyyə Nazirliyinə, TƏBİB-ə müraciət edərək kömək istəyib. O, Ləmanın vəziyyətinin gözləməyə imkan vermədiyini, əsas problemin nəfəs yolları ilə bağlı olduğunu vurğulayıb. “Ləmanın səsinə səs verilməlidir. Söhbət nəfəsindən gedir”, – deyə sözlərinə əlavə edib.
Maya Hümbətova qeyd edib ki, Ləmanın nəfəs borusu və qida borusunda stentlər yerləşdirilib və hazırda stentlərlə bağlı narahatlıqlar var. Onun sözlərinə görə, Ləmana oksigenin düşməsi və saturasiyanın aşağı olması ilə bağlı ciddi problemlər yaşanır. “Ləman artıq gözləyə biləcək vəziyyətdə deyil”, – deyə o, danışıb.
İlk növbədə Abşeron xəstəxanasına, daha sonra isə Yeni Klinikaya aparılan Ləman, orada qəbul edilməyib. Xalası, müalicə üçün lazımi şəraitin təmin edilməsini tələb edir. Eyni zamanda, ailənin müalicə xərcləri üçün ciddi maliyyə problemləri olduğu da təsdiqlənib, hal-hazırda artıq 200 min manatdan çox xərc çəkdikləri bildirilir.
Ailənin Ləmanın sağlamlığı ilə bağlı çətin günləri hələ də davam edir. “Biz kimə müraciət edəcəyimizi bilmirik. Sözümüzü eşitsinlər”, – deyə Maya Hümbətova son bir ildə yaşadıqları dramı ifadə edib. Hadisənin baş verməsinin ildönümü də yaxınlaşır və ailənin yaşadığı çətinliklər daha da dərinləşir.