Toy mərasimlərində kimə “toy tutulur”?

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhərində 47 şadlıq sarayında yoxlamalar həyata keçirib. Nəticələr göstərir ki, yalnız 6 şadlıq sarayında yoxlama qənaətbəxş olub, 41-də isə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri pozulub.
Müvafiq olaraq, yoxlamalar zamanı bir sıra şadlıq saraylarında sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmadığı aşkar edilib. Həmçinin, yoxlamalarda ət məhsullarının istehlaka təqdim edilməsində müvafiq baytarlıq sənədlərinin olmaması kimi ciddi nöqsanlar qeydə alınıb.
Qida mütəxəssisi Fərid Səfərovın sözlərinə görə, 47 şadlıq sarayından 41-də aşkar olunan pozuntular qida təhlükəsizliyi tələblərinə riayət olunmasında sistemli problemlərin mövcud olduğunu göstərir. Mütəxəssis, bu vəziyyətin yalnız nəzarət mexanizmlərinin zəifliyi ilə izah olunmasının doğru olmadığını vurğulayıb. Sahibkarların məsuliyyəti və işçi heyətinin qida təhlükəsizliyi üzrə biliklərinin artırılması da önəmli rol oynayır.
Səfərov qeyd edib ki, şadlıq saraylarının eyni anda yüzlərlə insanı qidalandırdığını nəzərə alaraq hətta kiçik bir yanlışlığın kütləvi qida zəhərlənməsinə səbəb ola biləcəyini bildirib. O, istehlakçıların aldadılmasının, məhsulun mənşəyinin gizlədilməsinin və menyudakı məlumatların dəqiqliyinin vacib olduğunu da vurğulayıb. Qida təhlükəsizliyinin təmin edilməsi üçün məhsulların mənşəyinin təsdiqedici sənədlərlə dəstəklənməsi təklif edilir.