Qışda sağlam qalmağın sirri: Bu səhvləri etməyin!

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova, qışda sağlam qalmaq üçün vacib tövsiyələr verib. O, bildirib ki, insanın yuxu rejiminə diqqət yetirməsi önəmlidir. Yuxunun düzgün qurulması həm maddələr mübadiləsinə, həm də əhval-ruhiyyəyə müsbət təsir göstərir. Gecə 23:00-dan 00:00-a qədər 7-8 saatlıq yuxu ideal hesab olunur. Oyanandan sonra yataqda 15 dəqiqədən artıq qalmaq, qan dövranını zəiflədir.
Məhsəti Hüseynova həmçinin səhər yeməyinin əhəmiyyətini vurğulayıb. O, səhər yeməyində protein tərkibli qidalar, xüsusilə yumurta, süd və tərəvəzlərin olmasının vacib olduğunu qeyd edir. Bu cür qidalar bağırsaqların funksiyasını tənzimləyir və immunitet sistemini gücləndirir. Eyni zamanda, qışda C vitamini ilə zəngin sitrus meyvələrinin istehlakına da diqqət yetirilmalıdır.
Ekspert, soyuq havalarda insanların su qəbulunu azaltdığını bildirib. Lakin bu, susuzlaşmaya və sağlamlıq problemlərinə yol aça bilər. Hər gün kifayət qədər su içmək vacibdir, çünki insan orqanizminin 60%-i sudan ibarətdir. Gecə yeməklərinin yatmadan 3-4 saat əvvəl yeyilməsi, həzm problemlərinin qarşısını alır.
Rasiona Omeqa-3 və Omeqa-6 yağ turşuları ilə zəngin qidaların daxil edilməsi, immuniteti artırır. Gün ərzində bir ovuc çərəz, məsələn, qoz, fındıq və badam yemək də sağlamlığa müsbət təsir edir. Müvafiq olaraq, təmiz havada gəzinti və müntəzəm fiziki fəaliyyət sağlamlığın qorunmasında önəmli rol oynayır. Əlavə olaraq, narahatlığı aradan qaldırmaq üçün nanə, limon, zəncəfil ilə hazırlanan içkilər faydalı ola bilər.